Manşet
Aslan İsmayılov.
O zaman da ölkə bütövlükdə bir, hakimiyyət isə tamam başqa əhval ruhiyyədə idi. Yadımdadır, 1989-cu ilin sonları idi, işlədiyim Respublika Prokurorluğunda həftənin birinci günü geniş iclas çağırıldı. Bir gün əvvəl isə Azadlıq meydanında yüz minlərlə insanın yığışdığı mitinqdə iştirak etmişdim. Ölkəyə təzə gəldiyimdən, baş verənləri tam başa düşməmişdim və zənn etdim ki, ölkədəki durumla bağlımüzakirələr gedəcək. Çıxışçılardan heç kim, o cümlədən Bakı şəhər prokuroru İsaxan Vəliyev də Azadlıq meydanından bir kəlmə belə demədilər. Həmin iclasda söz alıb dedim: "Ölkə dağılır, hər yerdə mitinqlər gedir, dünən özüm Azadlıq Meydanında yüz minlərlə insanların yığışdığının şahidi oldum, bu iclasda isə sanki heç nə olmamış kimi davranırıq, heç bir əhəmiyyəti olmayan hansısa həmkarlara üzvlük haqqının ödənillib, ödənilməməsindən danışırıq. Ora yığışan insanlar da bizim kimi azərbaycanlılardır və biz baş verənlərə heç olmasa münasibət bildirməli, vəziyyətdən hansısa çıxış yollarını axtarmalıyıq". Çıxışımla iclas bitdi. İclasdan sonra rəis məni otağına çağırıb düz olmadığımı, prokurorluq işçilərinin siyasətə qarışmadıqlarını, Azadlıq Meydanında baş verənlərin bizə aid olmadığını başa salmaq istədi. İsrarlı olduğumu görüb, təəccüblə soruşdu: "AXC-nin üzvü deyilsən?" Yox cavabımı alan kimi dedi: "Bura sənə Rusiya deyil, get ağlını başına yığ".
Bu gün də eyni şeyləri görürəm. Sonuncu müşavirə göstərdi ki, hakimiyyət ölkədəki real vəziyyəti görmür və sanki heç nə olmamış kimi davranır. TV-lər də o günlər olduğu kimi bu gün bölgələrdə nə baş verdiyindən heç nə demir, əvəzində bütün kanallarda çal-çağırdır. Ehtiyatla bu mövzuya toxunanlar da “qənaətcil olmaq lazımdır", “siqaret bahadırsa çəkməyin, sağlamlığınıza xeyirdir”, “nə baş verib ki, nə olsun qiymətlər qalxıb. İnsan tək ailəsini dolandırmaqda çətinlik çəkir, Prezident isə 9 milyonu dolandırır” kimi ifadələrlə qaş düzəltdiyi yerdə göz çıxarırlar. Prezidentin bir həftə bundan əvvəl verdiyi fərman qüvvədə ola-ola Vergilər nazirinin müavini fərmanın qüvvədən düşdüyünü elan edir. Bu cür anormallıqlar onlarladır. Bu isə, bir daha təkrar edirəm, bizi uçuruma aparır. Hələ ki, nə isə etmək mümkündür, hakimiyyət rəsmiləri qəflət yuxusundan ayılmalıdırlar. Yoxsa özlərini də, bizləri də faciə gözləyir.
Комментариев нет: