reklam

Manşet

Milli Şura son repressiyalarla bağlı bəyanat yaydı.

Yazar Unknown вторник, 19 января 2016 г. 0 коммент.
Bəyanatda deyilir:
“Yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq Azərbaycan hakimiyyəti həbsdə olan 100- dən artıq siyasi məhbusu azadlığa buraxmaq əvəzinə onların sıralarına yenilərini əlavə edir. Aparılan araşdırmalar göstərir ki, orta hesabla elə ay olmur ki, bir neçə nəfər ictimai- siyasi fəal fəaliyyətinə görə şərlənib həbs olunmasın. Təəsüflə qeyd etmək lazımdır ki, son zamanlar ölkədə repressiyaların yeni dalğası başlayıb. Apardığı yanlış, yarıtmaz, səriştəsiz sosial- iqtisadi siyasət nəticəsində xalq arasında büs- bütün nufuzunu və dayaqlarını itirən hakimiyyət öz varlığını qorumaq üçün yeganə çıxış yolu kimi repressiyalara əl ataraq vətəndaşları qorxutmaq yolunu seçib. Son bir neçə həftədə həbs olunanların siyahısına nəzər yetirdikdə bu tendensiyanın bir daha şahidi oluruq;
Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq tanınmış şair Saday Şəkərli həbs edilib. Şairin həbsi ilə bağlı onu tanıyanların verdiyi məlumata görə S.Şəkərli heç harda işləmir, onun hansısa korrupsiyaya yol verməsi mümkünsüzdür. O, sakit təbiətə malik yaradıcı adamdır. Verilən məlumatlara görə onun həbsinə səbəb əsərlərində səsləndirdiyi tənqidi fikirlərdir. Saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasından göndərdiyi müraciətində də Saday Şəkərli ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini bildirib.
Hakimiyyət qadın, gənc, ziyalı, ağsaqqal olmasına baxmayaraq onun siyasətini qəbul etməyən fərqli düşüncəyə malik hər kəsi şərləyib həbs edir. Naradaran Ağsaqqallar Şurasının sədri, Milli Şuranın üzvü Natiq Kərimovun həbsi də məhz bu qəbildəndir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən 7 yanvar 2016-cı il tarixdə həbs edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Həm yaşadığı Nardaranda, həm də qonşu Bakı kəndlərində, eləcə də demokratik düşərgədə çoxlarının Kərbalayi Natiq kimi xitab etdiyi bu şəxs dininə, millətinə, dövlətinə sadiq kamil bir insan kimi tanınır və qəbul olunur. Nardaranda baş verən məlum hadisələr zamanı insanları zorakalıqdan çəkinməyə, problemləri dinc yolla, qanun çərçivəsində dialoq yolu ilə həllinə çalışan, dövlətçiliyə bağlı bir insanın- Natiq Kərimovun dövlətə xəyanətdə ittiham edilməsi absurd və külüncdür.
Yaxın günlərdə diqqət çəkən həbslərdən biri həbsdə olan İslam partiyasının fəalı, siyasi məhbus Ruhulla Axundzadənin oğlu, islamçı məhbusların hüquqlarını müdafiə edən Məhəmmədəli Axundzadənin həbs edilməsidir. O, Cinayət Məcəlləsinin 234.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham olunur. Qeyd edək ki, Məhəmmədəli Axundzadə Məşhəddə ilahiyyat təhsili alır. O, özünü təqsirli bilmədyini, atasının və digər inanclı məhbusları müdafiə etdiyinə görə şərlənərək həbs olunduğunu bildirib.
Bir neçə gün öncə isə ölkədə olan eybəcərlikləri, haqsızlıqları, qanunsuzluqları ustalıqla kiçik səhnəciklər şəklində ifşa edən video bloger Hüseyn Əzizoğlu və ictimai fəal, həbsdə olan siyasi məhbus, AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğlu Turan İbrahim, AXCP Şirvan şəhər şöbəsinin üzvü Şahin Əlizadə, AXCP Şəki şöbəsinin fəalı Yusif Lətifov və Məmməd Baləmmədov da inzibati həbs cəzasına məruz qalıblar.
İctimai- siyasi fəalların həbsi ilə yanaşı ötən günlərdə Nardaran hadisələri ilə bağlı Bakıda və regionlarda bəzi dindarlar, həmçinin son zamanlar sosial- iqtisadi tələblərlə rayonlarda keçirilən aksiyalar zamanı xeyli sayda dinc, günahsız insanlar həbs olunub. Lənkəranda sosial- iqtisadi tələblərlə bağlı keçirilən aksiya zamanı isə AXCP rayon şöbəsinin sədri Nazim Həsənov və Müsavat Partiyasının yerli təşkilatının sədri İmanverdi Əliyev Lənkəran rayon məhkəməsinin qərarı ilə 1 ay inzibati həbs cəzasına məruz qalıblar.
Bir neçə gün öncə isə Zərdab rayon prokurorluğundan istefa verərək hakimiyyəti sərt tənqid edən Rüfət Səfərov həbs olunub. O, Cinayət Məcəlləsinin 311- ci maddəsi (rüşvət alma) ilə ittiham olunur. Heç şübhəsiz ona qarşı irəli sürülən bu ittiham onun prokurorluq orqanlarından siyasi bəyanatla istefa verərək hakimiyyəti ifşa edən açıqlamalarla çıxış etməsi olub.
Demokratik Qüvvələrin Milli Şurası bir daha hakimiyyəti ölkədə həyata keçirdiyi repressiyaları durdurmağı, həbs olunanları azadlığa buraxmağı, xalqı dinləməyi, sosial- iqtisadi problemlərin həlli istiqamətində təxirə salınmaz tədbilər görməyi tələb edir”.
18 yanvar 2016- cı il, Bakı şəhəri

Комментариев нет: