Manşet
Ölkə başçısı belə demək olarsa, "növbədənkənar müşavirə" keçirib böhranla bağlı planlaşdırdıqları tədbirlərin anonsunu verdi. Qısaca iki istiqamət nəzərdə tutulur - iri özəlləşdirmə aktları həyata keçirmək və böyük borclanmaya getmək.
Böhranın ağrısı daha kəskin hiss olunduqca, əlbəttə ki, belə müşavirələrin, iclasların sayı artacaq. Havayı neft pullarından məsti-xumar olmuş hökumət "ərp bağlamış" beyninə güc verib, düşünməyə məcbur olacaq. Bunun özü də pozitiv əlamətdir. Ama soruşmaq ayıb olmasın, hökumət bu imiclə ölkəyə böyük məbləğlərdə borc verənləri, iri investisiyalar yatırmaq istəyənləri necə tapacaq.
Əgər vəzifə pillələrində oturan inhisarçı-oliqarxlar yerlərində qalır və fəaliyyətlərini davam etdirirlərsə, ölkədə kənar bazar subyektləri necə ayaq tuta bilər ki? Əgər ölkənin biznes mühitində hökumət üzvlərinin oğru, yolkəsən, qarətçi vərdişləri "at oynadırsa", xarici investorları bu ölkəyə pul yatırmağın sərfəli olduğuna inandırmaq mümkündürmü? Ölkədə müstəqil məhkəmə, haqq-ədaləti qoruyub təmin edəcək, şikayətlərə obyektiv və vicdanla baxacaq bir instansiya yoxdursa, ölkəyə dəvət ediləcək şirkətlərə, biznes subyektlərinə risklərinin sığortalandığı təminatını kim verəcək? Azərbaycanın xarici sərmayəçilərlə iş təcrübəsini öyrənən o subyektlər, məsələn, "Barmek" nümunəsilə, Hüseyn Arabulun başına gələnlərlə qarşılaşıb diksinməyəcəklərmi?
Ölkənin maliyyə resursları sürətlə "əriyirsə", satmağa qiyməti indi yerlərdə sürünən neftdən başqa bir şeyi demək olar ki, yoxdursa, alınan borcların tamaha, korrupsiya və mənimsəmələrə qurban getməyəcəyinə, vaxtında və tam həcmi ilə qaytarılacağına təminat yoxdursa, hansı beynəlxalq maliyyə qurumu və ya dövlət Azərbaycana iri məbləğlərdə borc verməyə həvəs göstərər ki?
Bəli, ölkəyə kənardan pul cəlb etmək lazımdır. Ama bunun üçün ilk növbədə təmiz reputasiyalı, islahatçı hakimiyyət komandası olmalıdır. Köhnə əliəyriəri, "büdcə vampirlərini" böyür-başda saxlamaqla ölkəyə sanballı sərmayə cəlb etmək çətin ki, mümkün olsun. Hətta mümkün olsa da belə, bu komanda ilə yalnız o vəsaitlərin də dibinə daş atmaq və yenidən quru yurdda qalmaq perspektivini qaznmaq mümkündür.
Комментариев нет: