reklam

Manşet

Zamin Hacı.Yumurta kimi yazı

Yazar Unknown пятница, 22 января 2016 г. 0 коммент.
Zamin Vəzir Hacı“Urus, bu toyuq bu yumurtanı doğub...” 

(“Dəli Kür” filmindən)

****

Bizdə hər dəfə bahalaşma olanda bunun təpiyi toyuq saxlayanlara dəyir. Hökumət zorla onları tutub yolur, yumurtalarını ucuzlaşdırır. Örnək üçün, bu dəqiqə bazarda hər şey az qala iki qat bahalaşıb, yumurtanı isə prokurorluq, polis, təzə yaranan Dövlət Təhlükəsizlik Xidməti əlbir şəkildə köhnə qiymətə qaytarmaq cəhdi göstərirlər. Yumurtanı iki-üç qəpik baha satmaq istəyən bir neçə şəxsi isə tutub dama salıblar. Deyirlər bunlar dəhşətli, ağır cinayət törətmişdir. Guya insanın öz toyuğunun yumurtasına qiymət qoymaq ixtiyarı yox imiş. Halbuki, normal bazar iqtisadiyyatında yumurtanın qiymətini prokuror müəyyən edə bilməz, bunu bazar özü müəyyən etməlidir. Kim ucuz satarsa, müştəri ona tərəf gedər. Rəqabət mühiti – bazar iqtisadiyyatının təməlidir. İndiki halda isə sanki yumurta Tarif Şurasının qiymət qoyduğu strateji məhsula dönmüşdür. 

Halbuki, yenə yazıram, başqa məhsulların qiyməti yumurtadan çox qalxıb. Devalvasiyadan qabaq 90 qəpiyə olan 5 litrlik “Bonaqua” suyunu hazırda “Koka Kola” şirkəti 1 manat 60 qəpiyə satır. Buna niyə dinən yoxdur? Bəlkə bu su da xaricdən dollarla alınır? Qətiyyən. Yerli məhsuldur. Qoy indi prokurorluq həmin şirkətin də üstünə qışqırsın, onun da işçilərinin cibinə su atıb tutsun – necə ki, bir neçə yetimin cibinə lax yumurta atıb şərləyiblər. 

Yaxud, çay, qənd, duz, yağ kimi məhsulların inhisarçısı olan “Azərsun” qaldırdığı qiymətləri endirmədi. İgid deputat Zahid müəllimin qışqır-bağırı elə özünə qaldı. 

Belə şeyləri görəndən sonra adam istər-istəməz düşünür ki, bu yumurtada bizim bilmədiyimiz nəsə hikmət vardır. Hətta mənim ağlıma belə zad gəlib: əvvəldə nə toyuq, nə yumurta olub, əvvəldə Nazirlər Kabinetində müşavirə olmuşdur. Hər şey bundan sonra yaranmışdır! 

Atalar sözlərimizə diqqət eləsək bu yumurta başlanğıcının qalıqlarını, dildəki rudimentlərini görə bilərik. Misal üçün, xəsis adama “yumurtadan yun qırxan” deyirlər. Böyük ehtimalla qədim zamanlarda bizdə tüklü yumurtalar olmuşdur. 

Yaxud, görürsən adama çoxlu pul verirsən, deyirsən apar bunu qoy ofşor zonasında babat şirkətə, ancaq pulu batırır, zırıldaya-zırıldaya üstünə gəlir. Bu zaman sən deyirsən: “Yumurtlamadın, yumurtlamadın, bəs falı neylədin?”. Yeri gəlmişkən, fikir versəniz bizim Mərkəzi Bankın sədrinin başı eynilə yumurtaya bənzəyir – hamardır. Bu da yumurtanın strateji məhsul olmasını bir daha sübut edir. Təəssüf ki, baş bankirimiz istəsə belə bu yumurtadan yun qırxa bilməz, manatın başının altına yastıq qayırıb qoya bilməz. O üzdən yazıq manat yata bilməyəcək.

Başqa etnoqrafik əlamətlər də vardır. “Yumurtası tərs gələn toyuq televiziyada vurnuxar”, “Yaxşı rəqs edən hökumətə yumurtaları mane olmaz”, “O yanı qaya, bu yanı qaya, içində sarı maya”, “Yumurtanın sarısından pay uman cəhənnəmə düşər” və sairə. Hələ siz sonuncu ata sözünə diqqət edin, görün ulu babalarımız yumurta sarısına nə qədər böyük önəm vermişdir! Görün indiki hökumətimiz necə də mentalitetə uyğun, milli-mənəvi dəyərlərimizə sədaqətlə fəaliyyət göstərməkdədir!

Yaxşı olar bu cür hörmət dövlət mükafatlarında öz yerini tapsın. Biz “Yumurta”, “Birinci dərəcəli Yumurta sarısı”, “Toyuqçuluğun inkişafında xidmətlərə görə ikinci dərəcə Qayğanaq” orden və medalları təsis etməliyik. O cümlədən, hər devalvasiyadan sonra bunu televizorda xalqa daha yaxşı sırıyan məmura “əməkdar yumurta xadimi”, “xalq yumurtası” adları verilməlidir. 

Hesab edirəm ki, elə bu yazı da yumurta kimi yazı idi və redaktor bunun qonorarını bir səbət kənd toyuğu yumurtası ilə ödəməlidir. 

Комментариев нет: