Manşet
Dostlar! Sabah, yanvar ayının 20-si xalqımızın tarixində və taleyində önəmli günlərdən biridir. 26-cı dəfə Azərbaycan xalqı qanlı 20 yanvar faciəsi qurbanlarının xatirəsini yad edəcək. Qəribə də olsa 1918-ci ilin 28 may istiqlalına gedən yol həmin ilin mart faciəsindən, ötən əsrin 90-cı illərində istiqlalın bərpasına gedən yol isə qanlı yanvar faciəsindən keçdi. Hər ikisində xalqımız dəryalarca qan axıtdı, çoxlu sayda günahsız qurbanlar verdi. Hər iki qırğının şəhidləri eyni yerdə dəfn olundu. Sanki mart şəhidləri istiqlal ideyasını əmanət kimi 70 ildən artıq bir dövrdə yanvar şəhidlərinə təslim etmək üçün ruhlarında saxladılar. Hər ikisi Sovet qurulusunun, Sovet ideyasının, Sovet Qırmızı Ordusunun xalqımızın başına gətirdiyi müsibət idi. Amma millətimiz həm birinci souyqırımdan, həm ikinci qırğından istiqlal amalı ilə çıxdı. Tarixin hər iki anında bu Sovetlərin “Pirr qələbəsi”, xalqımızın isə bütün canı, ruhu, varlığı ilə istiqlal amalına tapınmaq məqamı idi. Son illər çoxları 1990-cı illərin 20 yanvar Bakı hadisələrini bir il əvvəl baş vermiş Tbilisi, bir il sonra törədilmiş Vilnüs hadisələri ilə müqayisə etməyə, onları eynilədirməyə üstünlük verirlər. Fəqət bunlar fərqli hadisələrdir. Tbilisi və Vilnüsdə da verənlər yerli, məhəlli hadisələr idi. Bakı isə Sovet müdafiə nazirinin rəhbərlik etdiyi xüsusi əməliyyat nəticəsində Sovet ordusu tərəfindən işğal olundu. Öz miqyasına görə bu əməliyyat 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa hadisələri ilə müqayisə edilə bilər. Hər üç işğal zamanı hərbi əməliyyatın mərkəzi qərargahı Kremildə yerləşirdi. 20 yanvar Sovetlərin dağılmasını şərtləndirən sonuncu qanlı cinayət oldu. Yanvar ayının 26-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyindəki çıxışında Mixayil Qorbaçov deyirdi ki, bizim indi Azərbaycanda vəziyyətimiz Şərqi Almaniyada olduğu kimidir. Respublika partiya təşkilatına rəhbərlik edəcək, ölkəyə başcılıq edəcək etibarlı adam, inanılmış kommunist tapa bilmirik. Bu artıq Sovet sisteminin, kommunist ideologiyasının açıq böhranı idi. Az sonra bu böhran bütün ölkəni bürüdü. Ona görə Sovetlərin çöküşünə, Qorbaçov idarəçiliyinin iflasına sonuncu nöqtəni Azərbaycan xalqının mübarizə əzminin ifadəsi kimi 20 yanvar hadisələri qoydu. Bu baxımdan həmin hadisələr dünyanın siyasi mənzərəsinin dəyişməsinə təkan verdi, kommunist sistemi birdəfəlik tarixin yaddaşına verildi. 20 yanvarın tarix üçün siyasi məzmunu da məhz, bundan ibarətdir.
Комментариев нет: