reklam

Manşet

Aslan İsmayılov.Qənimət bəyə təşəkkür edirəm.

Yazar Unknown воскресенье, 24 января 2016 г. 0 коммент.
Aslan Ismayilov“Azadlıq” qəzeti və “Azərbaycan saatı”-nın baş redaktoru Qənimət Zahid hüquq mühafizə orqanları tərəfindən həbsimin hazırlandığı barədə Facebook səhifəsində yazı paylaşıb və ayrıca mənə xəbərdarlıq da çatdırıb. Qənimət bəylə narazılıqlarımızın olmasına baxmayaraq yazının səmimi olmasına inanıram. Əgər yazının özündə və şərhlərdə mənə toxunacaq məqamlar olmasa, sadəcə təşəkkürümü çatdırar və buna səhifəmdə münasibət bildirməzdim.
Əvvəla, Qənimət bəyə narahatçılığına görə təşəkkür edirəm. Bununla belə bildirirəm ki, yenə bilərəkdən, yaxud bilmədən insanlara “hakimiyyətə işləyir”, “filankəsin adamıdır” deyə böhtan atanları qaraguruh sayıram. Bu sıraya, həyatda heç nəyə nail olmamasına baxmayaraq, öz sahələrində peşakar olan insanları, daim ittiham edib ictimai həyatdan uzaq salanları da aid edirəm. Bu gün də əminəm ki, mədəniyyət, incəsənət xadimlərinə qarşı bu cür aqressiv münasibət olmasaydı, onlar bu günkü acınacaqlı durumda olmazdılar, heç olmasa bu gün səslərini qaldırardılar. Məhz bu cür ittihamlarla bir çox nüfuzlu insanlar zorən hakimiyyətə sığınmağa məcbur oldular. Məhz bu qaraguruh tərəfindən daim böhtana məruz qaldım, təhqir olundum və hakimiyyətin basqılarından daha çox belələrindən əziyyət çəkdim. Hətta çətin maddi durumda, həbsdə olanlara etdiyim maddi köməkliyə görə “bu pullar onda haradandır?” deyə ittiham olundum. Ölkədə və ölkədən kənarda vəkilliklə məşğul olsam da məhz bu qaraguruh daim məni bir tikə çörəyə möhtac, yaxud həbsdə görmək istədi. Məhz belələrinə daim göstərmək istədim ki, hamının yoxsul yox, varlı olmasını arzulamaq lazımdır. Bu gün də mənə qarşı ən ağır ittihamlar səsləndirmiş, təhqir etmiş bəzilərinə müəyyən səbəbdən cavab verə bilmirəm və arzu edirəm ki, o gün tezliklə olsun. Qaldı ki, Qənimət bəyin məni müdafiə edəcəyinə, buna inanıram, çünki yaxşı atalar sözü var “Kişi Kişiyə borclu qalmaz”. Bəlkə Qənimət bəyin də borc qaytarmaq şansı oldu. Həbs ediləcəyim təqdirdə isə, səmimi deyirəm, heç kim məndən inciməsin, Uca Allahdan və ailəmdən başqa heç kimdən umacağım yoxdur. Özüm müdafiə etdiyim, köməklik göstərdiyim heç kimdəm, heç vaxt, heç nə ummamışam.
Həbs edilmə ehtimalı ilə bağlı bildirirəm ki, bu təhlükə Azərbaycana gəldiyim, Sumqayıt prosesinə başladığım ilk günlərdən olub. Bəs necə olub ki, “Sumqayıt məhkəməsi”, “Monitor” jurnalı və adını çəkmədiyim bir çox proseslərə, daim tənqidi çıxışlarıma baxmayaraq həbs olunmamışam, öldürülməmişəm sualına cavabı isə tək Uca Allah verə bilər. Bir halı da qeyd etməyə bilmərəm. Tanınmaq, yaxud digər məqsədlər üçün həbs olunmaq istəməmişəm, əksinə bütün hallarda, mümkün olana qədər, bundan qorunmağa çalışmışam. Həbsdən isə əsla qorxmuram. Əksinə, zənnimcə, mənim üçün bu gün ən təhlükəsiz və rahat yer həbsxanadır.

Комментариев нет: