reklam

Manşet

Zamin Hacı.Piti təcrübəsi

Yazar Unknown суббота, 23 января 2016 г. 0 коммент.
Zamin Vəzir HacıQənaət rejiminə keçid münasibətiylə ləğv edilən dövlət qurumları arasında Statistika Komitəsinin Baş Hesablama Mərkəzi də vardır. Prinsipcə, daha hesablamağa bir qara qəpik qalmayıbsa, idarə özünü buraxmalı idi. 1 milyon yeni iş yeri, regionlarda açılan 500 min təzə obyekt, kənd təsərrüfatının dünyanı yedizdirəcək qədər taxıl buraxması və sairə yalanlar içinə hava doldurulan və qəfil tikana rast gələn şar kimi partlamışdır.

Ancaq həmin hesablama mərkəzinin bağlanma xəbərində bir cümlə mənim yadımdan heç çıxmır: “Kreditorlar 2 ay ərzində öz tələblərini Dövlət Statistika Komitəsinə çatdıra bilərlər”. Lap əla, çox gözəl. Bəs biz - sadə vətəndaşlar öz tələblərimizi, iradlarımızı kimə çatdıraq? On illərdir xalqı aldatdığınıza, ona yalan sırıdığınıza görə cavab vermək fikriniz varmı? Heç olmazsa üzr istəyə, “günahımızdan keçin” deyə bilərsinizmi?

Əlbəttə, heç kim deməyəcək. Çünki bu “kreditorlar” ayrı xanədəndir. “Oba yiyəsiz qalanda donuz təpəyə çıxar” - çox sevdiyim ata sözlərimizdən birində belə deyilir. Onlar yenə yalan danışacaq, bir qrup adam milyonlardan ibarət xalqı barmağına dolayacaq. Çünki xalq, etiraf edək, savadsızdır, öz azadlığının məsuliyyətini daşımağa hazır deyil. Azadlıqdan qorxur.
Davosdan göndərilən “Neftin qiymətinin qalxmasına ümid edirik” mesajı da siyasətdə heç bir dəyişiklik olmayacağını göstərir. Repressiya maşını isə heç dayanmayıb: qanunsuz həbsdə saxlanan jurnalist Xədicə İsmayılın vəkilinə maneələr yaradılır. Vəkil cinayət işindən Avropa Məhkəməsinə şikayət sənədlərini Xədicə İsmayıla göstərmək istəyib, “Ədliyyə” Nazirliyi Penisentiar İdarəsi isə tələb edib ki, sənədlər bizim dilə çevrilsin. Yəni, türmə rəhbərliyində əyləşən hansısa savadsıza görə sənədlər iki dəfə tərcümə edilməlidir. Ancaq istəsəniz burda müsbət dəyişiklik də tapa bilərik. Bundan qabaqkı türmə rəisi Mədət müəllimin vaxtında həmin kağızları zorla vəkilə yedizdirərdilər.

Təhsilimizin təzə qoruqçusu Mikayıl Cabbarov da boş dayanmır. (Yeri gəlmişkən, Mikayıl müəllimə bir keçmiş və indiki həmkarının iradını çatdırmaq istərdim. Məktəb qarovulçuları çox az maaş alırlar. Mikayıl müəllim İçərişəhərdə təxminən eyni vəzifədə işləyib, ümid edirəm bu yoldaşların maaşını artırmaq haqda düşünər). Təzə təhsil nazirimiz Londonda Dünya Təhsil Forumunda iştirak eləmişdir, orda AzərTAc-ın müxbirinə demişdir: “Azərbaycanın təhsil təcrübəsi tədbir iştirakçılarında maraq doğurmuşdur”.

Əlbəttə. Buna kimin şübhəsi olar? 200-300 manata baş-beynini xarab edib əziyyətlə dərs keçən müəllimlər, uşağın dərsdə sualına cavab verməyib “dədənə denən, səni kursuma yazdırsın, orda cavab verirəm” söyləyən repetitorlar, şagirdi döyən pedaqoqlar, manıs yetişdirən filologiya fakültələri, prokurorluq oxuyan manıslar, intihar edən tələbələr, universitet yolunda bir kitab dükanı olmayan, ancaq dönərçilər olan təhsil sistemi bütün dünya üçün maraq doğurmalıdır. O cümlədən, sinəsində və tumanının başında seçki bülleteni daşıyıb yapizmin yaşamasına səs verən, hər cür yaltaqlıq tədbirlərində sıra nəfəri olmağa həvəslə yüyürən marionet “əfruz və diləfruzlar” bizim təhsil sisteminin dünyada maraq doğuracaq personajlarıdır.

Sonda bir aktual xəbəri də hörmətli oxucularımıza çatdırım. Jurnalistlər ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb devalvasiyadan sonra rayonlarımızda olmuş etiraz aksiyalarına münasibət öyrəniblər. Səfir Robert Sekuta demişdir ki, bu aksiyalara görə çox narahat olmuşdur: “Açığı, gələn həftə Şəkiyə paxlava və piti yeməyə gedəcəyəm, aksiyalardan sonra qorxdum rayonlarda qarışıqlıq olsun, restoranlar bağlansın. Bu baxımdan, bizim Azərbaycanda enerji, təhlükəsizlik, demokratiya və piti sahəsində dəstəyimiz həmişə olacaqdır”.

Комментариев нет: